“Coca‑Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

09/09/2025

Mərzəndiyə, Şamaxı Rayonu, Azərbaycan – 5 sentyabr 2025 – Dayanıqlı Su Təşəbbüsləri Proqramı çərçivəsində həyata keçirilən “Şamaxı rayonunun Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsi uğurla başa çatıb. 

Təşəbbüs “Coca‑Cola” Fondunun, Qlobal Su Çağırışı Koalisiyasının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA), Şamaxı Rayon İcra Hakimiyyətinin və “EcoHub” ekoloji platformasının dəstəyi ilə həyata keçirilib.

Ötən ilin dekabrında start verilən layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəmərinin tikintisi tamamlanıb, su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin edilib və kəndin içində 60 kubmetrlik su çəni quraşdırılıb. Daha sonra kənd daxilində şəbəkə xətlərinin çəkilişi yekunlaşdırılıb, hər evə sayğaclı və davamlı su verilməsi həyata keçirilib.

 Nəticədə, kəndin 1350 sakini təmiz su ilə təmin edilib və kəndə çəkilən suyun illik həcmi 146 milyon litr olaraq hesablanıb. 

“Coca‑Cola” Şirkətinin baş direktoru Rəna Məmmədova şirkətin su layihələrinə ayırdığı diqqətdən danışıb: 

““Coca‑Cola" Fondunun dəstəyi ilə gerçəkləşən “Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə etməsinə kömək olduq və bundan qürur duyuruq. Bu mühüm layihənin qısa zamanda həyata keçirilməsinə görə Su Ehtiyatları Agentliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub” platformasına təşəkkür edirik”. 

“EcoHub” platformasının rəhbəri Tükəzban Ağababayeva layihənin sakinlər üçün birbaşa faydalarından danışdı:“Mərzəndiyəyə su təminatı insanların gündəlik həyatına real dəyişiklik gətirdi. Onlar artıq suları uzaq mənbələrdən daşımaq və ya kənardan almaq məcburiyyətində deyillər. İndi hər evdə təmiz, axar su var. Bunu mümkün edən bütün tərəfdaşlara təşəkkürümü bildirirəm”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov  isə layihənin davamlılığını təmin ediləcəyini söyləyib: “Bu layihəni başa çatdırmaq üçün əhəmiyyətli səylər göstərildi. Bu gün biz icmanın həyat keyfiyyətində nəzərəçarpacaq yaxşılaşmanı görürük. Mən bütün sakinləri təbrik edirəm və tərəfdaşlarla birlikdə daha çox uğurlu layihələr gözləyirəm”.

 Coca‑Cola Fondu barədə 

“Coca‑Cola” Fondunun missiyası “Coca‑Cola” Şirkətinin fəaliyyət göstərdiyi ölkələr üzrə icmalarda fərq yaratmaqdır. 1984-cü ildə təsis edildiyi gündən bəri “Coca‑Cola” Fondu bütün dünyada icmaları gücləndirmək məqsədinə xidmət edir. 

“EcoHub” barədə  

"EcoHub" ekoloji platforması “Daha yaxşı ətraf mühit, daha yaxşı gələcək” şüarı ilə ekoloji dayanıqlığa nail olmağı hədəfləyən, ekoloji məsuliyyət hissi aşılayan, qablaşdırma tullantılarının dairəvi iqtisadiyyata cəlb edilməsini stimullaşdıran həllər təklif edən, sudan səmərəli istifadəni və ağac əkilməsini təşviq edən, müxtəlif maraqlı tərəfləri – dövlət qurumlarını, biznes dünyasını, ictimai təşkilatları və ayrı-ayrı şəxsləri ətraf mühitlə bağlı məqsədlərə nail olmaq üçün birləşdirən platformadır.