QADINLARIN SAHİBKARLIĞINA DƏSTƏK LAYİHƏLƏRİ
“Coca‑Cola” şirkəti paytaxtda və regionlarda qadınların iqtisadi imkanlarının artırılması, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və biznes planlarının gerçəkləşdirilməsi üçün beynəlxalq təlimçilərin iştirakı ilə layihələr həyata keçirir.
08/19/2021
“Rayon qadınlarının, gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi
“Coca‑Cola” şirkəti UNDP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Rayon qadınlarının, gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsini həyata keçirib. Layihə çərçivəsində Salyan və Neftçalada yaradılan iki resurs mərkəzinin köməyi ilə, 500-dən çox kəndli qadın əlavə iqtisadi və sosial bacarıqlara yiyələnib, 20-dən çox qadın şəxsi biznesini yaradıb.
Layihə qadınların iqtisadi inkişafını əngəlləyən maneələrin analiz edilməsi, onlara qarşı cavab tədbirlərinin hazırlanması üçün bölgə qadınlarının müzakirələrə və qərar qəbuletmə proseslərinə birbaşa cəlb olunması məqsədi daşıyıb.
Layihə çərçivəsində rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar bizneslər, həyətyanı təsərrüfatlar və s. qadın biznesləri); Rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişdirilməsi, davamlı təhsil və s.); Rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və s.) mövzularında dəyirmi masalar ətrafında müzakirələr aparılıb və moderatorlar tərəfindən təqdimatlar keçirilib.
2015-ci ildən “Coca‑Cola” Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə “Coca‑Cola”nın “Yeni Dünya Layihəsi” adlanan maliyyə yardımı platforması çərçivəsində reallaşdırılıb. Bu günə kimi “Yeni Dünya Layihəsi” Avropa və Mərkəzi Asiya, Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələrində inkişaf problemlərinə dair çoxsaylı uzunmüddətli təşəbbüsləri dəstəkləyib. Layihə Azərbaycanın ucqar bölgələrində yaşayan qadınların potensialını artırmaq üçün təşviqat kampaniyaları keçirir, həmçinin qadınların bilik və iş bacarıqlarının artırılmasına yardım edir.
Layihə çərçivəsində, əlilliyi olan 21 qadına biznes bacarıqlarını inkişaf etdirməyə köməklik göstərilib, eləcə də 20-dən çox qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dəstəklənib. Yeni yaranmış müəssisələr hazırda un məmulatlarının istehsalı, əkinçilik, fitnes və gözəllik salonu, toy və tədbirlərin təşkili, eləcə də kompüter və rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış geniş xidmətlər təklif edir.
Layihə boyunca həmçinin, mövcud gender stereotiplərinin aradan qaldırılması məqsədilə, 80 nəfərlik müəllim və tələbə heyətinə məktəblərdə gender bərabərliyi sessiyaları keçirilib. 45 tələbə gender bərabərliyi mövzusunda “taydan taya” prinsipi əsası ilə təlimçilərin təlimində iştirak edib.
Ümumi hesabla, bu fəaliyyətlərdən 452 qadın birbaşa faydalanıb. Yalnız Neftçalada, 6 müxtəlif ərazi üzrə tədris ocaqlarında su və kanalizasiya sistemləri quraşdırılıb, orta məktəb şagirdləri, o cümlədən 800 məktəbli qızın təmiz su və kanalizasiya infrastrukturundan rahat istifadəsi üçün müasir standartlara cavab verən şərait yaradılıb.