Azərbaycanda keçirilən “Novruz 2024” kampaniyasının rəsmi şərtləri
«Novruz 2024» kampaniyası (bundan sonra – «Kampaniya» adlanacaq) hüquqi ünvanı AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi olan «Azerbaijan Coca‑Cola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011, əlaqə nömrəsi: +994 12 346 18 00) tərəfindən 20 fevral 2024 – 30 aprel 2024-cü il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.
Bölmə 1. Kampaniyada iştirak edən qablaşdırma və əmtəə nişanları
Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli «Coca‑Cola Classic», «Coca‑Cola Sıfır Şəkər», «Fanta Portağal», «Sprite» məhsulları iştirak edir.
Kampaniyada iştirak üçün təqdim olunan qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq(lar)ın həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, əsaslandırılmış yekun qərar Təşkilatçı tərəfindən veriləcəkdir.
Bölmə 2. Uduş haqqında məlumat
2.1. Üç sarı qapağı toplayıb 400 000 (dörd yüz min) ədəd 3 rəngli (qırmızı, yaşıl, ağ), buta formalı Coca‑Cola çərəz qablarından birini (“Çərəz Qabı” və ya “Uduş”) qapaq toplama məntəqələrinin inventarına əsasən əldə edə bilərsiniz.
2.2.Kampaniyanın rəsmi şərtlərinə əsasən Kampaniya zamanı İştirakçılar (bölmə 4-də əhatə dairəsi göstərilən şəxslər) arasında paylanılacaq Uduşların sayı, bütün Azərbaycan Respublikasını nəzərə almaqla, 400000 (dörd yüz min) ədəd təşkil etməlidir.
Diqqət: bu kampaniyada iştirak edən hər kəs kampaniyanın rəsmi qaydalarını oxuduğunu və heç bir istisna olmadan qəbul etdiyini təsdiq etmiş olur.
Bölmə 3. Uduşların alınması qaydası
3.1 Üzərində “3 Qapağa 1 Hədiyyə” yazısı olan üç sarı qapağı toplayın və Coca‑Cola-nın buta formalı çərəz qablarından birini siyahısı www.facebook.com/cocacolaaz və ya www.instagram.com/cocacola_az rəsmi səhifəsinə yerləşdiriləcək qapaq dəyişmə məntəqələrindən əldə edin .
3.2 Qapaq dəyişdirmə məntəqələrinin aydın olması məqsədi ilə qapaq dəyişdirmə məntəqələrində “Qapaq dəyişmə nöqtəsi” yazısı mövcud olmalıdır.
İmtina haqqında bildiriş
Kampaniya zamanı Təşkilatçı İştirakçılardan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:
(i) Kampaniyada iştirak edən məhsulların alışı haqqında qəbz (bundan sonra–Təsdiq Sənədi adlanacaq). Təsdiq Sənədinin üzərindəki tarix kampaniya müddətini əhatə etməlidir və tələb edilən Təsdiq sənədi Uduş sayının əvəzində təqdim ediləcək qapaq sayından əskik olmamalıdır. (ii) Təçkilatçının tələb etdiyi halda Təsdiq Sənədi və Şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilmədikdə iştirakçıya Uduş təqdim edilməyəcəkdir.
Təşkilatçı İştirakçıların qapaq dəyişdirmə məntəqələrinə gəlmək və hədiyyəni götürmək (daşımaq, çatdırmaq) üçün çəkdiyi xərc və məsrəflərə görə məsuliyyət daşımır.
Vacib qeyd
Kampaniya zamanı heç bir halda Təşkilatçı tərəfindən təqdim edilən uduşların satışı və ya vasitəli satışı həyata keçirilməməlidir.
Bu qaydalara zidd olan hər hansı satış Coca‑Cola şirkətinin əmtəə nişanının icazəsiz istifadəsi kimi qəbul ediləcəkdir və müəssisə hüquqlarının qorunması və qanununaziddi hərəkətlərin qarşısının alınması məqsədi ilə hüquqi tədbirlər görə bilər.
Bölmə 4. Kampaniyada iştirak etmək hüququ olan şəxslər
13 yaşından yuxarı olan şəxslər bu Kampaniyada iştirak etmə hüququna malikdirlər. «The Coca‑Cola Company», Təşkilatçı, «Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya deyilənlərin təsisçisi olduqları şirkətlərin, yerli nümayəndəliklərinin və ya qeyd olunan şirkətlərlə hər hansı formada bağlı olan şirkətlərin əməkdaşları, yaxud yerli nümayəndələri, distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya aidiyyatı olan digər agentliklər; həmçinin yuxarıda adları çəkilən subyektlərin ailə üzvləri Kampaniyada iştirak edə bilməzlər.
Bölmə 5. Uduşların əldə edilməsi qaydası və Qapaqlar.
5.1 Uduşlar yalnız orijinal və Təşkilatçının istehsal etdiyi məhsulların qablaşdırılmasında istifadə olunan Qapaqları (Bölmə 1-də təsvir edilən şəkildə) və Bölmə 3-də göstərilən sənədləri təqdim edən (Təşkilatçı tərəfindən tələb edildiyi halda) İştirakçilara təqdim ediləcəkdir.
5.2 İştirakçılar tərəfindən təqdim edilən qapaqlar qapaq dəyişmə məntəqələrində və/və ya Təşkilatçı tərəfindən yoxlanılır. Qapağın oğurluq olduğu, qanunsuz əldə edildiyi, hər hansı səbəbdən qapaqların orijinal olmadığı və ya təqdim edilən Təsdiq Sənədinin keçərli olmadığı təqdirdə, qapaq dəyişmə məntəqəsi və Təşkilatçı Uduşları təqdim etməmək hüququna malikdir.
5.3 Təşkilatçı İştirakçı tərəfindən təqdim olunan qapağın uduşlu olub-olmadığını dəqiq müəyyən edə bilmək üçün qapaqların altında bir və ya bir neçə məxfi və ya gizli simvol (bundan sonra “Gizli Kod” adlandırılacaq) çap edə/ yerləşdirə bilər. Mübahisə yarandığı halda Təşkilatçı Bölmə 3-də göstərilən şəkildə uduş tələblərinin təqdim edilməsi üçün sonuncu tarixə qədər Gizli Kodun nə olduğunu açıqlamamaq hüququnu özündə saxlayır. Bu Kampaniyada iştirak etməklə iştirakçılar xüsusi olaraq razılıq verirlər ki, Təşkilatçının məlumat açıqlamama hüququna heç bir şəkildə etiraz etməyəcəklər.
5.4. Yazısı oxunmayan, zədələnmiş, dəyişdirilmiş, dublikat olunmuş, surəti yaradılmış, saxtalaşdırılmış, kəsilmiş, cırılmış, üzərində çap və ya digər səhvlər olan, qanuni yolla əldə edilməmiş qapaqlar etibarsız sayılır. Əgər Təşkilatçı qapağın saxta olduğunu hesab edirsə və ya müxtəlif səbəblərdən, həmçinin qapağın uduşlu olmadığını hesab etməyə əsaslı səbəb varsa, Təşkilatçı qapağın uduşlu olmadığını təyin etmək və uduş tələbini təmin etməmək hüququna malikdir.
5.5. Uduşa dair tələbin etibarlı olması və ya qapaqların həqiqiliyi barədə mübahisə yarandığı halda, Təşkilatçının əsaslandırılmış qərarı həlledicidir. Təşkilatçı uduşsuz qapaq(lar)la bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır və heç bir əlavə açıqlama vermək məcburiyyətində deyil.
5.6. Təşkilatçı uduşlu qapaq(lar)ın sahibinin kim olması ilə bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır. Təşkilatçıya uduşlu qapaq(lar)ı təqdim edən şəxs qapağın əsl sahibi hesab ediləcək.
5.7. Təşkilatçı uduşsuz qapaqlarla bağlı heç bir açıqlama vermək və ya yazışmalar aparmaq məcburiyyətində deyil.
Bölmə 6. Uduşların pul ekvivalenti ilə əvəz olunmasının mümkünsüzlüyü
Uduş(lar) heç bir halda pul ilə əvəz oluna bilməz.
Bölmə 7. Səhvlər və standart olmayan qapaqlar
Çap və ya digər səhv, və ya standart olmayan qapaq, və ya qapağın xaricində olan yazının hər hansı səbəbə görə, o cümlədən Qapaq istehsalçısının səhvi səbəbindən oxunmazlığına görə «The Coca‑Cola Company», Təşkilatçı, «Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya deyilənlərin yerli nümayəndəlikləri, yaxud yerli nümayəndələri, iştirak edən distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya aidiyyatı olan digər agentliklər heç bir məsuliyyət daşımırlar.
Bölmə 8. İştirakçıların razılığı
Uduşların təqdimatı media, audio yazı, foto və video çəkilişlər şəklində təşkil edilə bilər. Bu Kampaniyaya qoşulduğunda İştirakçı həmçinin qalib olarsa onun adı, ünvanı, fotoşəkilləri / video təsvirləri və səs qeydləri ictimaiyyətə açıqlana və bu materiallar Təşkilatçı tərəfindən hər hansı bir əlavə razılığa ehtiyac olmadan özünə məxsus materialların hazırlanmasında istifadə edilə və bütün platformalarda istifadə edilə bilər.
Bölmə 9. Kampaniyada dəyişikliklər.
Təşkilatçı Kampaniyanın müddətini dəyişdirmək, ləğv etmək, dayandırmaq, qısaltmaq və ya uzatmaq hüququna malikdir.
Təşkilatçı bu dəyişikliklər haqda elanı öz tərəfindən seçilmiş milli qəzetdə və ya www.facebook.com/cocacolaaz və ya www.instagram.com/cocacola_az İnternet səhifəsində yerləşdirilməlidir.
Bölmə 10. Əmtəə Nişanı “The Coca‑Cola Company” (TCCC)
Bu rəsmi şərtlərin müddəaları iştirakçıya TCCC-nin yuxarıda göstərilən əmtəə nişanlarından istifadəsinə görə mənfəət əldə etmək hüququnu verməsi kimi şərh olunmamalıdır. Rəsmi şərtlərin müddəaları və ya Kampaniyada iştirak etmə, iştirakçıya marketinq və reklam məqsədləri üçün TCCC və Təşkilatçının adını, loqosunu, ticarət nişanlarını, müəllif hüquqlarını və ya Kampaniyaya aid olmayan başqa məqsədlər üçün istifadə etmək, hardasa qeyd etmək hüququnu vermir (TCCC-nin əvvəlcədən yazılı razılığı olmadan). İştirakçı TCCC əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir.
İştirakçı TCCC əmtəə nişanlarının hüquqlarına dair rəsmi şərtlərin müddəalarını pozduqda, Təşkilatçı İştirakçıdan bu cür pozuntu nəticəsində Təşkilatçıya, TCCC-yə, və ya səlahiyyətli qablaşdırma şirkəti və/və ya hər hansı digər ərazidə TCCC əmtəə nişanları ilə işləyən distributora dəymiş zərərin əvəzini ödəməlidir.
Bölmə 10 Kampaniya bitdikdən sonra da etibarlıdır.
Bölmə 11. Kampaniyanın şərtləri
Kampaniyanın rəsmi şərtlərini bu kampaniyada iştirak edən satış nöqtələrində və ya www.coca-cola.az internet səhifəsində əldə etmək mümkündür.
Daha ətraflı məlumat almaq üçün 088 4441 telefon nömrəsinə ödənişsiz zəng vura bilərsiniz.
Kampaniyada iştirak etməklə bütün iştirakçılar kampaniyanın hazırkı rəsmi şərtlərinə riayət edəcəkləri barədə razılaşmış olurlar.
“Coca‑Cola”, “Coke”, “Coke Zero”, “Fanta”, “Sprite”, Kontur şüşəsi və Dinamik lent “The Coca‑Cola Company”-nin əmtəə nişanlarıdır.